MƏDƏNİYYƏt və turizm naziRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASININ

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

M.F.AXUNDOV аdına

AZƏRBAYCAN MİLLİ KİTABXANASI

ÜZЕYİR HACIBƏYLİ

BİBLİOQRAFİYA

Bakı - 2009

AZƏRBAYCAN RESPUBLİKASININ

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

M.F.AXUNDOV adına

AZƏRBAYCAN MİLLİ KİTABXANASI

Azərbaycanın görkəmli şəxsiyyətləri

ÜZЕYİR HACIBƏYLİ

BİBLİOQRAFİYA

Bakı - 2009

Elmi redaktor və ön

sözün müəllifi: Zemfira Səfərova, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, AMEA-ın müxbir üzvü

İxtisas redaktoru və

buraxılışa məsul: Kərim Tahirov

Redaktor:Gülbəniz Səfərəliyeva

Tərtib edənlər: Hökümə Haşımova

Rəna Orucəliyeva

Nurhal Aslanbəyova

Günay Səfərova

Natalya Səlimova

Üzeyir Hacıbəyli: Biblioqrafiya /Tərtib edənlər: R.Orucəliyeva, H.Haşımova və başq.; Elmi red. və ön sözün müəl.: Z. Səfərova; İxt. red. və burax. məsul: K.Tahirov; Red.: G.Səfərəliyeva; M.F. Axundov ad. Azərbaycan Milli Kitabxana.- B., 2008.- 368 s. (“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası).- Azərbaycan və rus dillərində.

© M.F.Axundov adına Azərbaycan Milli Kitabxana, 2009.

TƏRTİBÇİLƏRDƏN

Azərbaycan musiqisinin klassiki, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laurеatı, Azərbaycan SSR Еlmlər Akadеmiyasının akadеmiki, profеssor Üzеyir Əbdülhüsеyn oğlu Hacıbəylinin həyat və yaradıcılığının biblioqrafik göstəricisi 1985-ci ildə çapdan çıxmış biblioqrafiyanın işlənilmiş və artırılmış nəşri olub, 1905-ci ildən 2008-ci ili əhatə еdir.

Biblioqrafiya dörd bölmədən ibarətdir. Bölmələrə sənətkarın həyat və yaradıcılığının əsas tarixləri, yaradıcılıq yolunun ümumi xaraktеristikasına həsr olunmuş oçеrk, bəs­təkarın musiqi əsərləri, kitabları və ayrı-ayrı məcmuələrdə, jurnallarda və qəzеtlərdə dərc olunmuş məqalələri, habеlə Üzеyir Hacıbəyli haqqında ədəbiyyat daxildir.

«Ü.Hacıbəylinin əsərləri» bölməsi bir nеçə hissədən ibarətdir:

  1. Musiqi əsərləri - burada Hacıbəylinin əsərləri janr əlamətinə görə vеrilmiş, hər janrın çərçivəsində isə xronoloji qayda gözlənilmişdir. Həmin bölmədə ilk tamaşaların əsas iştirakçıları sadalanmış, səhnə əsərlərinin ən mühüm tama­şalarının tarixləri vеrilmişdir.

  2. Bədii-publisistik əsərlər, kitablar, tədris vəsaitləri, məqalələr, çıxışlar - bütün bu matеriallar da Azərbaycan və rus dillərində xronoloji qaydada vеrilmişdir. Bədii publisistik və еlmi əsərlərin adları və imzalar orijinala əsaslanır.

  3. Rеdaktə еtdiyi və məsləhət verdiyi əsərlər - buraya Ü.Hacıbəylinin rеdaktəеtdiyi, məsləhət vеrdiyi musiqi əsərləri və məcmuələr daxil еdilmişdir.

Biblioqrafiyanın yeni və tam nəşrinin hazırlanması döv­rundə bəstəkarın həyat və yaradıcılığından bəhs еdən bölmə əhəmiyyətli dərəcədə yenidən işlənilmiş və çoxlu sayda əla­vələr еdilmişdir. Tərtibçilər bu bölmənin birinci nəşrində qəbul olunmuş əlifba quruluşunu saxlamağı daha məqsə­dəuyğun hеsab etmişlər.

Həmin biblioqrafiyaya ilk dəfə olaraq dahi sənətkarın xariçi dillərdə nəşr olunmuş əsərləri və onun həyat və yaradıcılıq yolunu işıqlandıran ədəbiyyat да daxil еdilmişdir.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər verilmişdir. Buraya Ü.Hacıbəylinin əsərlərinin sərlövhə göstəricisi və onun haqqında yazan müəl­liflərin adlar göstəriciləri daxil еdilmişdir.

Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətin bütün yaradı­cı­lığını və böyük bəstəkar haqqında yazılan mate­rialların 100 ildən artıq nəşr tarixini əhatə edən bu funda­mental biblioqra­fiya haqqında rəy və təkliflərini göndərən oxuculara tərtibçi­lər əvvəlcədən öz minətdarlıqlarını bildirirlər.

Ünvan: АЗ-1000, Bakı şəhəri., Xaqanı küç. 29;

E-mail:contact@anl.az;

www.anl.az

ÖLMƏZLİK

Bəşəriyyət tarixində elə sənətkarlar və şəxsiyyətlər var ki, “...onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümum insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cürə adamlar nəinki sağlığında, ... öləndən sonra da camaata mənfəət veriblər”.1 Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dediyi bu sözləri ilk növbədə bəstəkarın özünə aid etmək olar.

Yaradıcılığına XX əsrin əvvəllərində başlamış, həyatını isə onun ortalarında tamamlamış Üzeyir Hacıbəylinin musiqisi və bütövlükdə yaradıcılığı biz musiqiçilər üçün və ümumən Azərbaycan xalqı üçün nə deməkdir? Bu gün tam qətiyyətlə deyə bilərik ki, artıq bir əsrdən çox vaxt ərzində çalınan, səslənən Ü.Hacıbəyli musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Necə ki, Üzeyir bəy xalq musiqimiz haqqında deyirdi ki, ona həmişə “ruh yüksəkliyi və aydınlıq ehtizazı, sabahkı qalibiyyətə möhkəm inam, mənəvi büllurluq, alicənablıq, şücaət və qəhrəmanlığı tərənnüm etmək xas olmuşdur”, eləcə də Hacıbəylinin musiqisi üçün də bu cəhətlərlə bərabər, günəş kimi parlaqlıq, əlvanlıq xas olmuşdur. Bütün bu xüsusiyyətlər onun musiqisinin mahiyyətini təşkil etmişdir.

Sənətdə, musiqi mədəniyyətində millilik və beynəl­miləlçilik anlayışını Ü.Hacıbəyli daha qlobal, Qərb və Şərqin, dünya və milli mədəniyyətlərinin nailiyyətlərinin üzvü sintezi kimi başa düşürdü və həll edirdi.

Azərbaycan musiqisinin gələcək yolu da məhz Ü.Hacıbəylinin irəli sürdüyü, əsasını qoyub apardığı yol oldu. Bu gün Azərbaycan musiqisinin beynəlmiləl əhəmiyyət kəsb etməsində Ü.Hacıbəyli yaradıcılığının və şəxsiyyətinin böyük rolu vardır.

Ü.Hacıbəyli dahi bəstəkar, Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, “Leyli və Məcnun”, “Koroğlu” kimi təkrarsız operaların müəllifi, böyük musiqişünas - alim, bütöv musiqi-estetik konsepsiya yaratmış nəzəriyyəçi, “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri risalənin müəllifi, görkəmli dramaturq, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının əlvan, günəşli musiqisi ilə bərabər, həm də bu əsərlərin librettolarının müəllifi, alovlu publisist, jurnalist, saysız-hesabsız dəyərli məqalələrin müəllifi, gözəl pedaqoq, Azərbaycan bəstəkarları və musiqişünaslarının istedadlı nəslinin müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının elmi-tədqiqat İncəsənət İnstitutunun rəhbəri, Akademiyanın musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçısı, onun rektoru və professoru, ilk çoxsəsli xorun, ilk notlu xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı idi. O, Azərbaycan Dövlət himnlərinin müəllifi olmuş, Azərbaycan SSR-nin Xalq artisti, Dövlət mükafatları laureatı idi.

Bütün bunlar bizə haqq verir deyək ki, XX əsrin xalqımıza bəxş etdiyi ən böyük şəxsiyyətlərdən, ən böyük simalardan biri Üzeyir Hacıbəylidir. Ona Şərq və Qərb musiqi mədəniyyətləri arasında keçilməz səddi aradan götürmək, Azərbaycan musiqisinin gələcək inkişaf yolunu və estetik prinsiplərini müəyyənləşdirmək nəsib olmuşdur. Yer kürəsinin milyonlarla insanları Hacıbəyli musiqisinə qulaq asaraq, bütün kökləri ilə öz xalqının folkloru ilə bağlı olan və dünya musiqi mədəniyyətinin nailiyyətlərini mənimsəyən sənətkarın yaradıcılığına bələd olurlar. Bu yaradıcılıqda Şərqin və Qərbin musiqi ənənələrinin vəhdəti parlaq bədii obrazlarla əks olunmuş, yüksək humanizm idealları, xeyirxahlıq, xalqlar dostluğu tərənnüm edilmişdir.

Biz XXI əsrdən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılıq yoluna nəzər salsaq, onun təkrarsız, parlaq yaradıcılığının əsas sütunları və mərhələləri kimi, xüsusən “Leyli və Məcnun” operasını, “Arşın mal alan” operettasını, “Koroğlu” operasını və “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərini göstərə bilərik. Məhz bu əsərlərin yalnız onun yaradıcılığı üçün deyil, bütün Azərbaycan musiqisi üçün önəmli mərhələ əsərləri olduğunu qeyd etməliyik. Şübhəsiz, biz bəstəkarın digər əsərlərinin - “Əsli və Kərəm” və başqa muğam operalarının, “Məşədi İbad” operettasının, “Şur” və “Çahargah” fantaziyalarının, “Aşıq sayağı” triosunun, kantatalarının, “Sənsiz” və “Sevgili canan” musiqi qəzəllərinin və digər vokal və instrumental əsərlərinin, hər iki himninin və sadalamadığımız bir çox əsərlərinin böyük dəyərini və rolunu inkar etmək fikrində deyilik. Amma “Leyli və Məcnun”un Azərbaycanda və eləcə də Şərqdə opera sənətinin əsasını qoyduğunu, “Arşm mal alan”ın lirik-komik operettasının zirvəsi olduğunu və dünya şöhrəti qazandığını, “Koroğlu”nun klassik epik-qəhrəmanı operasının ənənələrini davam etdirən şah əsəri olduğunu, “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərinin Azərbaycanın ənənəvi şifahi musiqisini araşdıran və onun haqqında yazılan ilk elmi əsər olduğunu bir daha vurğulayaraq, dediyimiz kimi, məhz bu əsərlərin bəstəkarın yaradıcılığı üçün və həm də Azərbaycan musiqisi üçün çox önəmli mərhələ və dönüş əsərləri olduğunu bir daha qeyd etmək istərdik. Təsadüfi deyil ki, bu il, yəni 2008-ci ildə 100 yaşlı “Leyli və Məcnun”un yubileyi YUNESKO xətti ilə bütün dünyada bayram edilir.

* * *

Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın Ağcabədi kəndində kənd mirzəsi Əbdülhüseynin ailəsində doğulmuşdur. Tezliklə Üzeyirin ailəsi Şuşa şəhərinə köçür. Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa qədimdən bəri özünün musiqi və ədəbi ənənələri ilə məşhur idi.

Kiçik Üzeyir üçün də Şuşanın musiqi və poeziya hopmuş ab-havası yaradıcılıq beşiyi olmuşdur. Burada Vaqif, Xurşudbanu Natəvan, Zakir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.Çəmənzəminli, F.Köçərli kimi şair və yazıçılar, məşhur alim, şair, musiqişünas, rəssam Mir Möhsün Nəvvab, gözəl tarzən və bu aləti təkmilşədirən Sadıqcan, məşhur xanəndə və tarzənlər Məşədi İsi, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məmməd Fərzəliyev, Məcid Behbudov, İslam Abdullayev, Seyid Şuşinski və bir çoxları yaşayıb yaradırdılar.

Xurşidbanu Natəvan, Həsənbəy Zərdabi, Cabbar Qaryağdıoğlu - Azərbaycan mədəniyyətinin üç korifeyi, Üze­yirin yaşlı müasirləri idi. Bu üç böyuk xadimin üçü də sanki Üzeyir ömrünün ilkin dövrünə işıq saçmışlar. Cabbarın Məcnunu gözəlliyə həssas olan uşağın qəlbinə ilk sənət toxumları səpmişdir. Az sonra Natəvan onun təhsilinə xeyir-dua vermiş, on ildən sonra isə Həsənbəy Zərdabi istedadlı gəncin opera yaratmaq arzusuna havadar çıxmışdır.

Üzeyir Hacıbəylinin ilk sənət uğurlarını qeyd edənlər arasında xalqımızın böyük oğlu Nəriman Nərimanov da var idi. Xalqımızın iftixarı olan başqa böyük - şəxsiyyəti ədib Mirzə Cəlil Məmmədquluzadə də “Molla Nəsrəddin” jurnalının səhifələrində özünəməxsus bir üslubda “Arşm mal alan”ın geniş şöhrətindən ürək dolusu söz açırdı. Üzeyir Hacıbəylini Mirzə Cəlillə, Sabirlə, Haqverdiyevlə, ümumən “Molla Nəsrəddin” ədəbi məktəbi ilə bağlayan mənəvi yaxınlıq, əqidə birliyi onların şəxsi dostluq münasibətlərini də möhkəmlən­dirdi.

Üzeyirin atası Əbdülhüseyn Hacıbəyli və anası Şirin xanım Əliverdibəyova öz uşaqlarını musiqi və poeziyaya məhəbbət ruhunda tərbiyə edirdilər. Bu məhəbbət ailənin məşhur şairə Xurşudbanu Natəvanla əlaqəsi nəticəsində daha da möhkəmlənmişdir.

İlk təhsilini Üzeyir Şuşanın ikisinifli rus-Azərbaycan məktəbində almışdı. Üzeyirin ilk musiqi müəllimi onun dayısı, Azərbaycan musiqisinin böyük bilicisi Ağalarbəy Əliverdi­bəyov olmuşdur. Üzeyirin yaxşı səsi var idi və o, xalq mahnılarını və muğamları gözəl ifa edirdi. Onun səsi hətta fonoqrafa yazılmışdı. 13 yaşlı Üzeyir “Məcnun Leylinin məzarı üzərində” səhnəsini müşayiət edən oğlanların xorunda iştirak etmişdi. Səhnəni məşhur xanəndə Cabbar Qaryağdıoğlunun iştirakı ilə dramaturq Ə.Haqverdiyev qoymuşdu. Bu səhnə kiçik Üzeyiri elə həyəcanlandırmışdı ki, bəstəkarın özünün etirafına görə, bir neçə ildən sonra, ilk musiqi səhnə əsərinin – “Leyli və Məcnun” operasının yaranması üçün əsas təkan olmuşdur.

1896-cı ildə Üzeyir özünün böyük qardaşı Zülfüqar və əmisi Hacıbəy Hacıbəyli ilə birlikdə şairə Xurşudbanu Natəvanla görüşmüşlər. Bu görüş haqda Natəvanın arxivində saxlanılan sənəd xəbər verir. Bu sənədi Zülfüqar Hacıbəyli yazmış, Üzeyir Hacıbəyli isə onun doğruluğunu təsdiq etmişdir. Zülfüqar Hacıbəyli bu sənəddə belə yazır:

“Keçmişdə verdiyim qeydə əlavə olaraq təsdiq edirəm ki, 1896-cı ildə qardaşım Üzeyir Hacıbəyli ilə bərabər... Qori şəhərinin müəllimlər məktəbinə imtahan vermək üçün Tbilisi şəhərinə yola düşərkən əmim Hacıbəy Hacıbəylinin vasitəsi və müşayiəti ilə o vaxt xan qızı Xurşudbanı bəyimin (Natəvanın) yanına gəldik ki, bizə xeyir-dua versin”.2

Bu sənəd Üzeyir Hacıbəylinin tərcümeyi-halı üçün, gələcək bəstəkarın məşhur şairə Xurşudbanı Natəvanla görüşü faktının təsdiqi üçün vacibdir.

(Lakin qeyd edək ki, Üzeyir Qori seminariyasına həmin il yox, üç ildən sonra, artıq Natəvanın ölümündən sonra 1899-cu ildə daxil olmuşdur).

1899-cu ildən 1904-cü ilə qədər Üzeyir Hacıbəyli Qori müəllimlər seminariyasında oxumuşdur. Burada o, dünya mədəniyyəti ilə tanış olur, rus və Qərbi Avropa klassiklərinin dahi əsərlərini mənimsəyir.

O, seminariyada skripka və baritonda çalmağı öyrənir, xalq mahnılarının nümunələrini nota yazır. Üzeyir Hacıbəylinin dünyagörüşünün formalaşmasında seminariya illəri böyük rol oynamışdır. Burada onun humanist ideyalarının və inqilabi-demokratik görüşlərinin əsası qoyulmuşdur.

Seminariyanı bitirdikdən sonra Üzeyir bir neçə vaxt Hadrut kəndində müəllim işləyir. 1905-ci ildə inqilab ərəfəsində o, Bakıya gəlir, Bibiheybət neft rayonunda fəhlə­lər­in uşaqlarına dərs deyir. Onun ictimai-siyasi və maarifçi fəaliyyəti başlanır.

Müəllimlik fəaliyyətinə yaradıcı yanaşan Hacıbəyli hesabdan Azərbaycan dilində dərslik tərtib edir, N.V.Qoqolun “Şinel” əsərini doğma dilinə tərcümə edir, bir sıra hekayə və miniatürlər yazır, 1907-ci ildə “Siyasi, hüquqi, iqtisadi və hərbi sözlərin türkü-rusi və rusi-türkü” lüğətini yazır.3Lüğət ictimai-siyasi, fəlsəfi terminlərin tərtibində, eləcə də demokratik ideyalarının təbliğində əhəmiyyətli rol oynamışdı. Lüğətdə sosializm, internasionalizm, revolyusiya, demokratiya və s. kimi sözlərin mənası aydınlaşdırılır.

Ü.Hacıbəyli öz fəaliyyətinə maarifçi-demokrat cəbhə­sinin fəal nümayəndələrindən biri kimi başlamışdır. “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Yeni iqbal”, “Kaspi”, “Molla Nəsrəd­din” kimi jurnal və qəzetlərin səhifələrində dərc olunmuş məqalə və felyetonlarında Hacıbəyli dövrün aktual məsələ­lə­ri­nə - xalqın maarifi uğrunda mübarizə, milli dil problemi, rus mədəniyyətinə münasibət və s. kimi problemlərə toxunmuşdur. O, ən aktual siyasi mövzulara: Rusiyada 1905-ci il inqilabı, İran inqilabı və s. haqda yazırdı. Onun felyetonları “Ordan-burdan” ümumi başlıq və “Filankəs”, “Üzeyir”, “Bəhmənkəs” və s. müxtəlif təxəllüslərlə dərc olunurdu.

Onun “Qədirşünaslıq”, “Biz hamımız qafqazlı bala­la­rı­yıq” məqalələri, “Ordan-burdan”, “Filankəs” imzası ilə çıxan yazıları, 1917-ci ildə “Kaspi” qəzetinin səhifələrində dərc olunmuş musiqi teatrı haqqında silsilə məqalələri (“Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında”, “Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında”), “Azərbaycan” qəzetində çıxan bir sıra yazıları bu dövrün qiymətli məhsuludur. Ü.Hacıbəylinin inqilabdan əvvəl yazdığı publisistik əsərləri və operettaları onun Azərbaycan mədəniyyətində M.F.Axundovun inqilabçı-mütərəqqi ənənələrini davam etdirdiyini, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev kimi demokrat yazıçıların məslək dostu olduğunu, rus inqilabçı demokratların təsiri altında yazıb yaratdığını göstərir. Ü.Hacıbəyli yazılarında dəfələrlə bu görkəmli şəxsiyyətlərin əsərlərinə müraciət etmişdir.

Ü.Hacıbəyli publisistikasının əsas pafosu xalqın gücünə böyük inamdan ibarət idi. Publisist Hacıbəylinin ehtiraslı qələmi çox illər bu ideyalara sadiq qulluq edirdi.

* * *

Ü.Hacıbəylinin ilk musiqi əsəri unikal “Leyli və Məcnun” operasıdır. Unikal ona görədir ki, bu əsər Şərqdə, eləcə də Azərbaycanda opera sənətinin əsasını qoymuşdur, unikal ona görədir ki, bu əsərdə Azərbaycan professional bəstəkarlıq məktəbinin bünövrəsi qoyulmuşdur, unikal həm də ona görədir ki, muğamlara əsaslanaraq, “Leyli və Məcnun” musiqimizdə muğam operasının təməlini qoydu. Bu operadan sonra Ü.Hacıbəylinin “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu”, “Harun və Leyla”, M. Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəylinin “Aşıq Qərib” muğam operaları yarandı. Lakin bu operaların arasında “Leyli və “Məcnun”un Azərbaycan musiqisi tarixində oynadığı rol, xalqımızın qəlbində tutduğu yer xüsusidir.

Bir əsrdən artıqdır ki, bu opera səhnədən düşmür, yeni-yeni ifaçılar – Leylilər, Məcnunlar nəsli yetişir. 22 yaşlı gənc Üzeyir Hacıbəylinin yaratdığı “Leyli və Məcnun” operasının 100 il ərzində daimi, stabil uğurunun sirri, səbəbi nədədir? Qədim muğamlarımızın gözəlliyində, təkrarsızlığında, yoxsa dahi Füzulinin eyni adlı poemasında, qəzəllərində, ya da gənc Üzeyirin operaya yazdığı musiqi parçalarında, bəlkə o vaxtlar Hüseynqulu Sarabskinin yaratdığı təkrarsız Məcnun rolunda? Daha doğrusu, bunların ayrı-ayrılıqda heç birində, eyni zamanda hamısında, onların vəhdətində. Üzeyir bəyin istedadı bunların hamısının vəhdətini, sintezini yarada bilmişdir.

İlk Azərbaycan operasının əsas və xarakter xüsusiyyəti həm də ondan ibarət idi ki, bu əsərdə Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqi ilə xalq musiqisini bir-birindən ayıran səddi tapmaq mümkün deyildi. “Leyli və Məcnun” operasının bu xüsusiyyətini qeyd edən Ü.Hacıbəyli yaradıcılığının ilk tədqiqatçılarından olan V.Vinoqradov yazırdı: “Folklorun bəstəkarlıq yaradıcılığına keçməsinə musiqi tarixində bundan bariz nümunə tapmaq çətindir”.4

“Leyli və Məcnun”da Ü.Hacıbəylinin özünün bəstələdiyi musiqi fraqmentləri əsasən orkestr üçün yazılmış epizodlar, muğamların girişi və sonluqları, III və IV pərdələrə yazılmış giriş musiqisi və s. idi. Bu hissələr o qədər xalq musiqi ruhuyla aşılanmış və onun nümunələriylə üzvü vəhdət təşkil etmişdir ki, onları klassik muğam və təsniflərdən ayırmaq çətin idi. Bu da bəstəkarın artıq ilk əsərində xalq musiqisinin üslub xüsusiyyətlərinin, onun lad-intonasiya əsasına sərbəst yiyələnməsini sübut edirdi.

“Leyli və Məcnun”un premyerası 1908-ci ildə Bakıda H.Z.Tağıyevin teatrında olmuşdur.

XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poemasının süjeti əsasında yaranmış bu opera, orta əsrin feodal cəmiyyətinin ehkamlarına qarşı yüksək humanist idealları, əsl insani hisslərin gözəlliyini tərənnüm edirdi.

Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasının musiqisində Füzuli poemasının lirik və romantik ruhunu, ümumi tonallığını böyük ilhamla verə bilmişdir.

“Leyli və Məcnun” operasında musiqi poeziyanı rövnəqləndirir, poeziya isə musiqini yüksəldir. Elə bil müxtəlif əsrlərdə yaşamış iki böyük sənətkar bir-birinə yaxınlaşmış, əbədi məhəbbəti tərənnüm edən bir əsərdə qovuşmuşlar.

Opera janrının xüsusiyyətilə əlaqədar Hacıbəyli əsərin librettosunu yazarkən Füzuli poemasının mətnini xeyli ixtisar etmişdi. O, başqa dövrün sənətkarı kimi XVI əsrin poemasına müraciət edərkən bu orta əsr əsərinə münasibətini bildirmişdi.

“Leyli və Məcnun”un ilk tamaşasının maraqlı tarixi vardır. Professional ifaçı qüvvələrinin yoxluğundan qəribə vəziyyət alınırdı. Dirijor pultunun arxasında məşhur dramaturq Əbdürrəhimbəy Haqverdiyev dayanmışdı. Əsərin müəllifı Üzeyir Hacıbəyli orkestrdə skripka çalırdı. Hacıbəylinin Qori seminariyasındakı yoldaşlarından bir çoxu, maarif və mə­dəniyyət xadimləri, müəllimlər orkestrdə çalır, xorda oxu­yurdular. Bunlardan Ə.Terequlovu, A.Qasımovu, F.Ağayevi və başqalarını göstərmək olar.

İlk tamaşanın rejissoru H.Ərəblinski, Məcnun rolunun ifaçısı Hüseynqulu Sarabski idi. H.Sarabski uzun illər boyu bu rolun gözəl və əvəzsiz ifaçısı olmuşdur. Tamaşanın təşkilatçı­ları böyük çətinliklərlə rastlaşmışdılar. Bu çətinliklərdən biri də Leyli roluna ifaçı tapmaq məsələsi idi. Axı müsəlman qayda-qanunlarına görə qadınlar səhnəyə buraxılmırdı. Uzun axtarışlardan sonra tamaşanın təşkilatçıları Əbdürrəhim Fərəcov adlı gözəl səsə malik bir aşpaz şagirdinə rast gəldilər, o da Leyli rolunu yalnız premyerada ifa etdi. Sonrakı tamaşalarda bu rolu müvəffəqiyyətlə ifa edən Ə.Ağdamski oldu.

“Leyli və Məcnun”da muğamlar, ariyalar, ariozo, reçitativlər, ansamblları əvəz edərək, demək olar ki, bütün iştirakçıların partiyasında vardır. Ü.Hacıbəyli bu operada muğamlara və onların şöbələrinə müraciət edərkən, onlardan kor-koranə istifadə etməmiş, zəngin muğam xəzinəsindən yalnız o muğamları seçmişdir ki, onlar müəyyən səhnələrin ümumi əhvali-ruhiyyəsinə və personajların xasiyyətinə uyğun gəlsin.

Əgər əvvəllər xanəndələr tərəfindən oxunan bu muğam­lar konsert ifasında mücərrəd bir halı, əhvali-ruhiyyəni, məsələn, məhəbbəti, sevinci, kədəri ifadə edirdilərsə, bu operada həmin muğamlar əsərin ümumi məzmununa tabe olaraq ilk dəfə səhnədəki hərəkətlə, aktyor oyunu ilə birləşərək, operanın məzmununun açılmasına, onun əhvali-ruhiyyəsinin əks edilməsinə kömək edən musiqi vasitəsi olmuşdu. Bu da “Leyli və Məcnun”un əsas müvəffəqiyyətlərindən biri sayıla bilər. Üzeyir Hacıbəyli ilk dəfə operaya vacib, dramaturji əhəmiyyəti olan xorları daxil edir.

Ü.Hacıbəyli “Leyli və Məcnun”da opera janrının və musiqinin digər formalarının möhkəm təməlini qoymaqla bərabər, həm də Azərbaycan milli harmoniyasının və poli­foniyasının əsasını da yaratmışdır. Ü.Hacıbəyli ilk dəfə bu operada çoxsəsliliyin sadə formalarını Azərbaycan xalq musi­qi­sinin təksəsli quruluşu ilə uyğunlaşdırmış və bununla da bəstəkar Azərbaycan ladlarını major və minor sistemiylə birləş­mə­sinə nail olmuşdu. Şərq və Qərb lad sistemlərinin vəhdətinin həyata keçirilməsi, sonrakı illərdə həm Ü.Hacıbəylinin özü üçün, həm də digər Azərbaycan bəstə­kar­ları­nın yaradıcılığı üçün xarakter oldu.

  1. Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası

    Документ
    Yeni kitablar: annotasiyalı cari biblioqrafik –informasiya göstəricisi. 2010, №1./ tərt.ed.:T.K.Sadıqov, red.:Y.Z.Sadıqlı; Azərbaycan Respublıkası C.Cabbarlı ad.
  2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (1)

    Документ
    Neft Daşları: Biblioqrafil vəsait (informasiya-biblioqrafik soraq kitabı) /buraxılışa məsul: T.K.Sadıqov, tərtib edəni: Y.Z.Sadıqlı, redaktoru: S.Ə.Şəfiyeva.
  3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanasına 2009-cu ildə daxil olan

    Документ
    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına 2009-cu ildə daxil olan yeni kitabların siyahısı
  4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2)

    Документ
    Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
  5. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi

    Документ
    Azərbaycan tarixinin XIII əsrdən başlayan dövrü nisbətən öyrənildiyi halda,VII-IX əsrlər dövrü əsla yrənilməmişdir. Azərbaycanın ilk orta əsrlər dövrü arxeoloji cəhətdən az öyrənildiyi üçün tam bir sıra məsələlər həll edilməmiş halda
  6. Elmi-nəzəri, metodik və təcrübi jurnal

    Документ
    Еlm fəlsəfəsinin, о cümlədən kitabxanaşünaslıq fəlsəfəsinin hələ çоx-çоx əvvəl­lərdən tədqiq оlunmasına, bu sahədə ciddi еlmi əsərlər yazılmasına, kitabxana işi nəzəriyyəsinin və praktikasının müxtəlif sahələrində tətbiq еdilməsinə
  7. Kulturologiyanın piramidası insan, cəmiyyət və dövlətin inkişafı üçün yeni imkanlar açan sistemli kulturoloji təhlilin universal məntiqi pillələridir

    Документ
    Kulturologiyanın piramidası insan, cəmiyyət və dövlətin inkişafı üçün yeni imkanlar açan sistemli kulturoloji təhlilin universal məntiqi pillələridir.
  8. Azərbaycan Respublikasi Təhsil Nazirliyi (3)

    Документ
    professor Naxçıvan Dövlət Universitetinin rektoru Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Gəncə Dövlət Universitetinin rektoru kimya elmləri doktoru, professor Bakı Slavyan Universitetinin
  9. ÖNSÖZ Ülkemizde yaşayan

    Документ
    Ülkemizde yaşayan bir çok kişi hala Türkiye’nin dışında Türkçe’nin farklı şive ve lehçelerini konuşan insanların varlığını bilmiyor olabilir. Sovyetler Birliği dağılma sürecinde, bağımsızlıklarını ilan eden Türk cumhuriyetleri sayesinde

Другие похожие документы..